7 may 2014 tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Microsoft şirkətinin nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov və digər mütəxəssislər iştirak etmişlər.
Microsoft şirkətini Microsoftun Azərbaycanda strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev və Mərkəzi Avropa regionu üzrə partnyorların biznesinin inkişafı meneceri Sofiya Katsara təmsil etmişlər.
Görüş zamanı Microsoft şirkətinin Bulud texnologiyaları (Microsoft Azure) və bu sahədə göstərilə biləcək servislər müzakirə edilmişdir. Microsot Azure platforması dünyanın ən qabaqcıl Bulud texnologiyalarından olub, hal hazırda 400-ə yaxın müxtəlif tipli xidmətlər göstərmək imkanına malikdir. Müzakirələr zamanı Azure platformasının böyük həcmdə məlumatların saxlanılması, fəlakətlər zamanı komputer sistemlərinin bərpa edilməsi və rezervləmə imkanları daha böyük maraq oyatmışdır.
Görüşün sonunda, MHM mütəxəssislərinin Microsoft Azure platformasının imkanları ilə 1 ay müddətində tanış olması və MHM-in göstərdiyi bəzi xidmətlərin potensial olaraq Buluda keçid təkliflərinin hazırlanması qərara alınmışdır. Həmçinin, gələcəkdə elektron hökumət portalı ilə əməkdaşlıq, elektron xidmətlərin hazırlanması və saxlanılmasında Azure platformasından istifadə imkanları da araşdırma mövzusu olacaqdır.