"Elektron Hökumət" portalı yarandığı gündən bu günə qədər bir neçə inkişaf mərhələsindən keçmişdir. "Elektron Hökumət" layihəsinin inkişafı istiqamətində portalın öhdəliyində duran vəzifələr yalnız sosial xidmətlərin elektronlaşdırılaraq "bir pəncərə" prinsipi əsasında təqdim edilməsindən ibarət deyil. Portala aid digər mühüm məsələ "Elektron Hökumət", e-xidmətlər, e-imza, e-sənəd mübadiləsi barədə vətəndaşları maarifləndirmək, bunun üçün vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumları ətraflı məlumatlandırmaq, onları bu istiqamətdə əməkdaşlığa təşviq etməkdir. “Elektron Hökumət" portalı maarifləndirmə xarakterli tədbirləri təşkil edərkən bütün yaş dövrlərindən olan vətəndaşlara, xüsusən gənclərə və tələbələrə üstünlük verir.
Artıq yeni ilin ilk ayından etibarən Tədbirlər Planına uyğun olaraq "Elektron Hökumət" portalı bir sıra təhsil müəssisələri ilə əməkdaşlıq edərək, maarifləndirici seminarların təşkilinə start vermişdir. “Kitab yoxsa komputer?”, “Virtual yoxsa real məmur?”, “Ənənəvi yoxsa elektron hökumət?” və s. mövzular çərçivəsində planlaşdırılan tədbirlər tezlikə "Dünya Məktəbi" və "Bakı Avropa liseyi”ndə baş tutacaqdır.
"Elektron Hökumət" quruculuğu, e-xidmətlər, e-imza üzrə keçirilən bu maarifləndirici-təşviqedici seminarların əsas məqsədi dövlət-vətəndaş münasibətlərində innovasiya hesab edilən, bürokratik ənənəvi əməliyyatlara son qoyan elektronlaşmanın ictimai mahiyyətini, əhəmiyyətini və gələcək planları vətəndaşlarımıza çatdırmaq, idarəetmədə yenilik olan rəqəmsallaşmanın son nəticədə ictimai rifahın yaxşılaşmasına xidmət etməsini izah etməkdir.
"Elektron Hökumət" portalının operatoru - Məlumat Hesablama Mərkəzi bütün dövlət və qeyri-dövlət qurumlarının rəhbər şəxslərini "Elektron Hökumət" portalının, e-xidmətlərin, e-imzanın təbliğatı baxımından aktiv olmağa səsləyir.
Əgər rəhbərlik etdiyiniz qurumda "Elektron Hökumət" quruculuğu, e-xidmətlər, e-sənəd mübadiləsi üzrə təlimlərin keçirilməsini istəyirsinizsə xahiş edirik, rəsmi qaydada Məlumat Hesablama Mərkəzinə müraciət edəsiniz.
Əlaqə məlumatları: (012)498-80-44, (012) 598-42-73, 157
E-poçt: office@rabita.az