AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 465
Bakı şəhəri, 20 oktyabr 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1682; 2015, № 11, maddə 1416; 2016, № 6, maddə 1217) ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə Qaydaları"nın 2.1.2-ci yarımbəndinə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 470) ilə təsdiq edilmiş "Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası"nın 1.7-ci bəndinə "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 8.9-cu bəndinə "Dövlət orqanlarının" və "Mərkəzi icra hakimiyyəti orqanları" sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin" sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
20.10.2017