Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov 23-24 iyul 2019-cu il tarixində Tailand Krallığının Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası tərəfindən təşkil edilən tədbirə qatılıb. “Davamlı İnkişaf üçün Rəqəmsal Hökumətin tətbiqi üzrə Regionlararası Potensialın İnkişafı” adlı seminarda 27 ölkədən elektron hökumət sahəsində çalışan rəhbər şəxslər iştirak ediblər.
Tədbirin keçirilməsinin əsas məqsədi rəqəmsal hökumət sahəsində müxtəlif alətləri müzakirə etmək, həmçinin müxtəlif ölkələrdə bu istiqamətdə görülmüş işlər və öyrənilmiş dərsləri nəzərdən keçirməkdir.
Seminarda iki gün ərzində fərdi və institusional imkanları inkişaf etdirmək üçün müxtəlif ölkələrdən təcrübəli şəxsləri və dövlət rəsmilərini bir araya gətirərək rəqəmsal hökumətin tətbiqi üzrə perspektivləri bölüşmək nəzərdə tutulub. Qeyri-hökumət ekspertləri və digər maraqlı tərəflər də Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərin həyata keçirilməsində rəqəmsal hökumət və innovativ təcrübələrin təşviqi ilə bağlı müzakirələri stimullaşdırmaq üçün tədbirə dəvət olunublar.
Tədbirdə “ASAN xidmət”, Elektron Hökumət sahəsində ölkəmizdə aparılan işlər, eləcə də “ASAN Viza” ilə bağlı iştirakçılara təqdimat edilib, suallar cavanlandırılıb.
Xatırladaq ki, 24-26 iyun 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda təşkil edilən BMT-nin Dövlət Xidmətləri Forumunda iştirakçılara Azərbaycanda reaktiv xidmətlərdən proaktiv xidmələrə keçidlə bağlı təqdimat edilib. Həmin forumda həmçinin, Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı səhəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.