Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “GəncLİK” proqramı çərçivəsində növbəti təlim keçirilib. Təlimin mentoru Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov iştirakçıların liderlik qabiliyyətinin artırılması məqsədilə onlarla Strateji idarəetmə mövzusunda biliklərini paylaşıb, gənclərlə real idarəetmə nümunələri üzərində fikir mübadiləsi aparıb.
Təlim zamanı iştirakçılara matriks idarəetmə strukturu, data-əsaslı idarəetmə və digər mövcud idarəetmə sistemləri barədə də məlumat verilib, qurumların idarəedilməsində sistemlərin tətbiq edilməsinin vacibliyi qeyd olunub. Proqram iştirakçılarına eləcə də Dövlət Agentliyi və onun tabeliyindəki qurumların yaradılması prosesi və cari layihələri haqqında məlumat verilib, müzakirələr aparılıb.
Sonda Mərkəzin direktoru Fariz Cəfərov proqram iştirakçılarını Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binası ilə və burada yaradılmış şəraitlə tanış edib.