Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM ilin yekunlarına dair hesabat təqdim edib

5242 Mətni çap edin Mətni kopyala

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 2020-ci ilin yekunlarına həsr olunan hesabat toplantısı keçirilib.

Toplantıda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edib.

EHİM-in direktoru Fariz Cəfərov 2020-ci ildə görülən işlərə dair geniş hesabat təqdim edib.  

Hesabatda qeyd olunub ki, 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dərc olunan “Elektron Hökumətin İnkişafı İndeksi”nə əsasən Azərbaycan yüksək qrupa aid edilən 69 ölkə arasından 13-cü yerdə, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında isə ilk üçlükdə yer alıb. Tədbirdə bildirilib ki, dünyada hökm sürən pandemiya şəraitinə baxmayaraq EHİM öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirib. Mərkəz hökumət tərəfindən qoyulan tapşırıqları uğurla yerinə yetirib, yeni layihələri vətəndaşların sərəncamına verib, elektron hökumət quruculuğunda nəzərəçarpacaq nailiyyətlər əldə edib.  

Belə ki, ötən ilin aprel ayında EHİM Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni yaradıb. 2020-ci il ərzində Sistem üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. İl ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib.

Hesabatda əhali tərəfindən geniş istifadə olunan “myGov”, “e-Gov” elektron hökumət portalları, “ASAN Login” vahid giriş sistemi haqqında geniş söhbət açılıb. Bildirilib ki, 2020-ci ilin yekunlarına görə “ASAN Login” istifadəçilərinin sayı 2019-cu il ilə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib. “E-Gov.az” portalında 38 qurum tərəfindən təqdim edilən 443 elektron xidmət üzrə qeydiyyat sayı isə 175 min artaraq yekunda 1 milyon 266 min təşkil edib. İnteqrasiya edilən sistemlərlə birgə 700-dən artıq elektron xidmətə çıxışı təqdim edən “myGov” portalında isə istifadəçi sayının 2019-cu illə müqayisədə 10 dəfə artaraq 433 min olduğu qeyd edilib. 2020-ci ildə “myGov”da xidmətlərdən istifadə sayı 2019-ci ilə nisbətən təqribən 15 dəfə artaraq 11 milyon 500 min təşkil edib. İl ərzində “myGov” portalı vasitəsilə vətəndaşlara 3 milyon 200 mindən çox bildiriş göndərilib.    

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan Elektron Hökumət İnformasiya Sistemi dövlət – vətəndaş (G2C), dövlət – biznes (G2B), dövlət – dövlət (G2G) formatında fəaliyyət göstərir. Belə ki, hesabatda texniki cəhətdən ərsəyə gətirilən və EHİM tərəfindən fəaliyyəti təmin edilən “e-Agro”, “e-Satınalma”, “e-Hərrac” kimi layihələr haqqında danışılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli, 2178 nömrəli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən “Elektron Su Təsərrüfatı” İnformasiya Sistemi layihəsinin icra edilməsi məqsədi ilə 2020-ci ilin iyul ayından etibarən müvafiq işlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli, 2292 nömrəli Sərəncamına əsasən Ermənistanın təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılması istiqamətində operativ iş də aparılıb.  

Elektron Sənəd Dövriyyəsi Sistemi – ESD, Tapşırıqların İdarə Edilməsi Sistemi – “ASAN Task”, İnsan Resurslarının İdarə olunması Sisteminin yaradılması, təşkilatlar arasında təhlükəsiz məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi - “ASAN bridge”in istifadəyə verilməsi haqqında söz açılıb.

Mərkəz tam bir elektron hökumət istiqamətində görülən layihələr və elektron xidmətlərin dayanıqlı və vətəndaşlar üçün yararlı olması məqsədilə 2020-ci ildə elektron hökumət istiqamətində təşviqat və maarifləndirmə işlərinə xüsusi diqqət edib. Bu məqsədlə 2020-ci ildə “Rəqəmsal Jurnalistikaya doğru” layihəsinin iki dalğası həyata keçirilib, ASAN Radioda “Rəqəmsal Azərbaycan” verilişinin 45 buraxılışı yayımlanıb, Mərkəzin rəsmi internet səhifəsi və müxtəlif sosial media hesabları üzərindən təşviqat, maarifləndirmə və təlimatlandırma işləri davam etdirilib.

2020-ci il həm də beynəlxalq əməkdaşlıq baxımından EHİM üçün uğurlu olub. Bu il EHİM “Rəqəmsallığın Afrikanın Yerli İdarəçiliyində Üstünlüyü və Yeri” mövzusunda keçirilən beynəlxalq vebinarda, Administrativ Elmlər İnstitutunun (IIAS) 2020-ci il üzrə e-konfransı çərçivəsində keçirilən “COVID-19 Virusunun İdarəetmədə Doğurduğu Çətinliklərə qarşı Rəqəmsal Təcrübələr və Həllər” panel sessiyasında iştirak edib. Bununla yanaşı olaraq, EHİM Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAI) plenar iclaslarında iştirak edib. Qeyd edək ki, ötən il Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsinin Bürosuna Azərbaycan EHİM-in direktoru Fariz Cəfərovun şəxsində müşahidəçi üzv seçilib.

Hesabat tədbiri çərçivəsində 2021-ci il üçün nəzərdə tutulan fəaliyyət haqqında da geniş fikir mübadiləsi aparılıb.

EHİM-in 2020-ci il üzrə hesabatını əks etdirən təqdimatla burada tanış olmaq mümkündür: https://www.digital.gov.az/presentation/

  • 359

    Portalda olan xidmətlərin sayı